“Qəhrəmanlar İzində: Şəhidlərimizin Vətənə Əbədi Xidməti” layihəsi uğurla həyata keçirildi
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə, 2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində qalib olmuş “Qəhrəmanlar İzində: Şəhidlərimizin Vətənə Əbədi Xidməti” layihəsi 26–27 yanvar 2026-cı il tarixlərində Qəbələ və İsmayıllı rayonlarında uğurla icra olunmuşdur.
Layihə dövlətimizin ərazi bütövlüyü və suverenliyinin bərpasında mühüm rol oynamış qəhrəmanlarımızın həyat və döyüş yolunun region gəncləri arasında təbliğini hədəfləmişdir. Hər rayondan 40 nəfər olmaqla ümumilikdə 80 nəfər gənc layihədə fəal iştirak etmişdir. Tədbir proqramı çərçivəsində şəhidlər xiyabanı ziyarət edilmiş, şəhidlərin əziz xatirəsi ehtiramla yad olunmuşdur.
“Qəhrəmanlarımızın İzi ilə” adlı interaktiv sərgidə şəhidlərimizin həyat hekayələri və döyüş xronikaları təqdim edilmiş, veteran və müharibə iştirakçıları öz çıxışları ilə gənclərlə təcrübələrini bölüşmüşlər. Proqramın davamında keçirilən “Qəhrəmanlıq Simulyasiyası” komandalararası praktiki oyunu gənclərin strateji düşünmə, komanda işi və liderlik bacarıqlarının inkişafına töhfə vermişdir. Sonda bütün iştirakçılara sertifikatlar təqdim olunmuş və xatirə şəkilləri çəkilmişdir.
Layihə region gənclərinin qəhrəmanlarımız haqqında məlumatlılıq səviyyəsinin artmasına, vətənpərvərlik ruhunun və milli-mənəvi dəyərlərə bağlılığın daha da möhkəmlənməsinə xidmət etmişdir.

