Xaçmazda “Qalib xalqın qəhrəmanları” adlı tədbir keçirilib
Xaçmaz rayonunda “Qalib xalqın qəhrəmanları” layihəsi çərçivəsində tədbir təşkil olunub.
Bu barədə GƏNC.NEWS-a Gənclər Mərkəzi İctimai Birliyindən məlumat verilib.
Bildirilib ki, Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzində keçirilən tədbirdə layihənin Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənclər Mərkəzi İctimai Birliyi tərəfindən reallaşdırıldığı diqqətə çatdırılıb.
Birliyin sədri, layihənin rəhbəri Kənan Qubadzadə deyib ki, layihənin əsas məqsədi Azərbaycan xalqının tarixinə şanlı səhifələr yazmış Vətən müharibəsi qəhrəmanlarının tanıdılması, onların göstərdikləri şücaətin gələcək nəsillərə ötürülməsi və vətənpərvərlik duyğularının gücləndirilməsidir. Eyni zamanda, bu layihə şəhid və qazilərin ailələrinə mənəvi dəstək göstərməyi, ictimai yaddaşda onların rolunun qorunub saxlanmasını hədəfləyir.
“Layihənin müddəti 3 ayı əhatə edir. Hazırda layihə ilə bağlı ilkin olaraq icra planına uyğun təşkilati işlər görülür”, - deyə o vurğulayıb.
Tədbirdə çıxış edənlər layihənin əhəmiyyətinə toxunublar.
Sonda iştirakçılara bukletlər, üzərində yazılar olan köynəklər və sertifikatlar verilib.


