“Rəqəmsal sahədə qadın liderliyi və peşəkar inkişaf” mövzusunda panel müzakirəsi

 


Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun, “IDTech Academy” və Lütfi Zadə Texnologiya Mərkəzinin tərəfdaşlığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan panel müzakirəsi reallaşıb.


Bildirilib ki, “Rəqəmsal sahədə qadın liderliyi və peşəkar inkişaf” mövzusuna həsr olunan panel müzakirəsinin əsas məqsədi qadınların liderlik potensialının inkişafına dəstək olmaq, gənc qızların texnologiya sahəsinə marağını artırmaq və bu istiqamətdə mövcud imkanları təqdim etməkdir.


Tədbirdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Layihələrin və proqramların idarə edilməsi şöbəsinin müdiri Jalə Həsənova, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının baş katibi Fidan Əhmədova və DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin Məlumat idarəçiliyi və süni intellekt departamentinin müdir müavini Aysel Hüseynova çıxış edərək rəqəmsal transformasiya dövründə qadınların rolu, texnologiya sahəsində karyera imkanları və bu istiqamətdə dövlət tərəfindən yaradılan imkanlar barədə məlumat veriblər.


Panel müzakirəsində Prezident mükafatçısı və “Metatesk” şirkətinin təsisçisi Günay İmanzadə, "IDschool"un rəhbəri və "DigiSmart" məhsul sahibi Günel Xosrovlu, "MegaSec" MMC-nin icraçı direktoru və "SheRise - Qadınlara dəstək" sosial layihəsinin rəhbəri Ayan Etibar, həmçinin "İKTEX" məhsul sahibi və “IDTech Academy”də IT biznes analitik Zalxa Quluzadə spiker qismində çıxış ediblər.

“IDTech Academy”nin Layihələr və tədbirlər koordinatoru Aydan Tarverdiyevanın moderatorluğu ilə keçirilən müzakirədə spikerlər texnologiya sahəsində qadınların rolu, gənc qızlar üçün IT sahəsində mövcud perspektivlər, rəqəmsal məhsul sahibliyinin yaratdığı imkanlar və rəqəmsal liderliyin formalaşmasında vacib bacarıqlar barədə təcrübələrini iştirakçılarla bölüşüblər.


Müzakirə çərçivəsində gənclərin texnoloji sahədə inkişaf imkanları, rəqəmsal bacarıqların formalaşdırılması və qadınların innovasiya ekosistemində daha fəal iştirakının əhəmiyyəti ətrafında fikir mübadiləsi aparılıb.






Əvvəlki xəbər Növbəti xəbər
sr7themes.eu.org