“Zəfərin Lideri: İlham Əliyev Yoluyla” layihəsi Ağcabədidə uğurla həyata keçirildi!

 

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Zəfərin Lideri: İlham Əliyev Yoluyla” layihəsi Ağcabədi rayonunda uğurla başa çatmışdır. Layihə gənclər arasında dövlətçilik dəyərlərinin təbliği, Vətən müharibəsində qazanılmış tarixi Zəfərin strateji və siyasi aspektlərinin öyrənilməsi, həmçinin liderlik və qərarvermə bacarıqlarının inkişaf etdirilməsi məqsədi daşıyırdı. 

Layihə çərçivəsində Ağcabədi rayonunda yaşayan 18–29 yaş arası fəal və ictimai fəaliyyətə maraqlı gənclər iştirak etmişdir. İştirakçılar açıq elan və müraciət əsasında seçilmiş, seçim zamanı motivasiya və ictimai fəallıq əsas meyar kimi götürülmüşdür. Layihə iki gün ərzində interaktiv seminarlar, intellektual yarış və simulyasiya sessiyaları formatında təşkil edilmişdir.

Layihənin ilk günündə keçirilən “Zəfərin Liderlik Dərsi” adlı seminar zamanı 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin strateji qərarları, diplomatik fəaliyyəti və informasiya siyasəti geniş şəkildə təhlil olunmuşdur. Seminar interaktiv formada təşkil edilmiş, gənclər müzakirələrdə və sual-cavab sessiyalarında aktiv iştirak etmişlər.

Tədbirin davamında gənclərin bilik və analitik düşünmə bacarıqlarını inkişaf etdirmək məqsədilə “Məntiqi Zəfər” adlı intellektual komandalararası yarış keçirilmişdir. Yarış zamanı iştirakçılar Vətən müharibəsi, dövlətçilik və liderlik mövzularında müxtəlif sualları cavablandıraraq biliklərini nümayiş etdirmişlər.

Layihənin ikinci günündə iştirakçılar şəhidlər xiyabanını ziyarət edərək Vətən uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsini yad etmişlər. Daha sonra “Ali Baş Komandanın Gözüylə” adlı simulyasiya sessiyası təşkil olunmuşdur. Bu sessiya çərçivəsində iştirakçılar müxtəlif situasiyalar üzrə qərarvermə strategiyaları hazırlamış, liderlik yanaşmalarını təqdim etmiş və komanda şəklində fəaliyyət göstərmişlər.

Layihə gənclər arasında böyük maraq doğurmuş, onların liderlik, strateji düşünmə və komanda ilə qərarvermə bacarıqlarının inkişafına mühüm töhfə vermişdir. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilmişdir.

Qeyd edək ki, layihə çərçivəsində keçirilən fəaliyyətlər region gəncləri üçün həm maarifləndirici, həm də motivasiyaedici platforma rolunu oynayaraq onların dövlətçilik dəyərlərinə bağlılığını daha da gücləndirmişdir.

Əvvəlki xəbər Növbəti xəbər
sr7themes.eu.org