“SƏRHƏD” HƏRBİ-İDMAN OYUNLARININ BAŞA ÇATMASI MÜNASİBƏTİLƏ TƏNTƏNƏLİ TƏDBİR KEÇİRİLİB




 Mayın 6-da Mərdəkanda Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində “Sərhəd” hərbi-idman oyunlarının başa çatması münasibətilə təntənəli tədbir keçirilib.

Respublikanın 36 rayonundan 181 məktəbin 905 şagirdinin cəlb olunduğu “Sərhəd” hərbi-idman oyunlarının ilk iki mərhələsinin yekunlarına əsasən, 11 komanda 30 aprel – 5 may tarixlərində keçirilən final mərhələsində mübarizəni davam etdirib.
 
Komandalar “Sərhəd pozucusunun yaxalanması və təxliyə edilməsi”, “Ləpirçilik”, “Sərhəd naryadı tərəfindən nəqliyyat vasitəsinə baxışın keçirilməsi”, “Maskalanma”, “Yaralılara yardımın göstərilməsi və təxliyə olunması”, “Avtomatın sökülməsi və yığılması”, “Sıra hazırlığı”, “Tək əsgərin döyüşdə hərəkət üsulu” və “Hərbiləşdirilmiş estafet” üzrə bilik və bacarıqlarını nümayiş etdiriblər.
 
Final mərhələsinin yekunlarına əsasən, Cəlilabad rayonunun “Musalı” komandası birinci, Qusar rayonunun “Zeyxur” komandası ikinci, Şəmkir rayonunun “Mübarizlər” komandası isə üçüncü yeri tutublar.
 
Sonda qaliblərə kubok, medal, diplom və qiymətli hədiyyələr, oyunlarda fəal iştirak etmiş komandalara isə həvəsləndirici mükafatlar təqdim olunub.
Əvvəlki xəbər Növbəti xəbər
sr7themes.eu.org