Gənclərin iştirakı ilə Binəqədidə konfrans – Ulu Öndərin irsi yad edilib



Aprelin 13-də Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfransın rayon mərhələsi keçirilib.

Konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin adına istirahət parkında ucaldılan abidəni ziyarət edib, önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla anıblar.

Konfrans Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən, Dövlət Himninin ifa olunmasından sonra açıq elan olunub, şeir kompozisiyası səsləndirilib.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Sevinc Süleymanova qeyd edib ki, müsabiqənin məqsədi gənclərdə Vətənə sevgi, milli həmrəylik və qəhrəmanlıq hisslərini gücləndirmək, tarixi Qələbəni təbliğ etmək və şagirdlərin yaradıcılıq imkanlarını üzə çıxarmaqdır.

Konfransda çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov Ümummilli Lider Heydər Əliyevin dövlət quruculuğu və siyasi fəaliyyəti barədə məlumat verib, müsabiqənin növbəti mərhələləri, qiymətləndirmə meyarları və layihənin məqsədləri haqqında iştirakçıları məlumatlandırıb. O, müsabiqənin gənclərin vətənpərvər ruhda formalaşmasında mühüm rol oynadığını vurğulayaraq şagirdlərə uğurlar arzulayıb, gələcəkdə də bu cür layihələrin davam etdiriləcəyini bildirib.

Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Fəttah Fəttayev bildirib ki, müstəqil Azərbaycan bugünkü inkişaf səviyyəsinə asan yolla çatmayıb. Azərbaycanın tarixi uğurlar qazanaraq öz müstəqilliyini qorumasında və möhkəmləndirməsində Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olub.

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva isə diqqətə çatdırıb ki, gənclərin tarixi yaddaşının möhkəmləndirilməsində Vətən tarixinin öyrənilməsi mühüm əhəmiyyət daşıyır. Ulu Öndərin milli-mənəvi irsi gənc nəslin dünyagörüşünün formalaşmasında, vətənpərvərlik və azərbaycançılıq ideologiyasının güclənməsində xüsusi rol oynayır.

Müsabiqədə təqdim olunan 5 mövzu - “Şəddadilər dövləti”, “Qərbi Azərbaycan xanlıqları (Naxçıvan və İrəvan), “Ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti” (XX əsrin əvvəlləri), “Əsrin Müqaviləsi, regional və beynəlxalq əhəmiyyətli layihələrin reallaşdırılması”, “Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması” mövzuları üzrə rayon ərazisində fəaliyyət göstərən orta ümumtəhsil məktəblərindən ümumilikdə 139 şagirdin referat-yazı işi daxil olub, birinci mərhələdə 16 şagirdin yazı işi qənaətbəxş qəbul edilib, yekunda 10 nəfərin yazı işi rayon mərhələsinin finalına vəsiqə qazanıb.

Konfransın sonunda müsabiqənin rayon mərhələsinə vəsiqə qazanan şagirdlər təqdimatlarla çıxış ediblər. Müsabiqədə fərqlənən iştirakçılar Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar. 

Əvvəlki xəbər Növbəti xəbər
sr7themes.eu.org